Livan Suriyaya təhlükənin qarşısını alacaq: Mitri hökumətin mövqeyini açıqladı

Livan hökuməti qonşu Suriyanın sabitliyinə ölkə ərazisindən heç bir təhlükənin yaranmasına imkan verməyəcək.
Rock.News xəbər verir ki, bu barədə Livanın baş nazirinin müavini Tarek Mitri "Al Hadath" telekanalına müsahibəsində bildirib. Mitri Livanın üzərinə qonşu dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək və ya onun ərazi bütövlüyünü sarsıdan istənilən fəaliyyətin qarşısını almaq məsuliyyətinin düşdüyünü vurğulayıb. O, Livan ərazisinin heç bir halda Suriyaya qarşı hücumlar üçün plasdarm kimi istifadə olunmayacağını da qeyd edib. Baş nazirin müavini əlavə edib ki, hökumət bəzi ərəb KİV-lərində Livanda gizlənən keçmiş Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarının fəallaşması ilə bağlı yayılan məlumatlardan narahatdır. Təhlükəsizlik orqanları bu məlumatların doğruluğunu diqqətlə araşdıracaq və zəruri tədbirlər görəcək.



